"İyulun 1-də Portuqaliyanın Sintra şəhərində keçirilən Avropa Mərkəzi Bankının ənənəvi Mərkəzi Bankçılıq Forumunda FED-in yeni sədri Kevin Uorş bazarlara gələcək dövr üçün olduqca mühüm mesaj verib"
Hafta.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Uorş bildirib ki, FED artıq bazarlara gələcək faiz qərarları barədə əvvəlcədən istiqamət vermək siyasətindən uzaqlaşacaq və qərarlarını yalnız iqtisadi göstəricilər əsasında qəbul edəcək:
"Bu pul siyasətinin texniki məsələsi deyil. Bu, qlobal maliyyə bazarlarında qərarvermə mexanizminin dəyişməsidir. Bu o deməkdir ki, son illərdə investorlar FED rəhbərlərinin hər çıxışını diqqətlə izləyərək növbəti faiz qərarını əvvəlcədən proqnozlaşdırmağa çalışırdılar. İndi isə əsas diqqət çıxışlardan inflyasiya, məşğulluq, iqtisadi artım və digər makroiqtisadi göstəricilərə keçir. Bunun nəticəsində bazarlar hər yeni statistik göstəriciyə daha həssas reaksiya verəcək. Volatilliyin artması, istiqraz bazarında faizlərin daha kəskin dəyişməsi, səhm bazarında isə qiymət dalğalanmalarının güclənməsi ehtimalı yüksəlir. Bu dəyişiklik inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün də əhəmiyyətlidir. ABŞ-də faizlərin yüksək qalması və ya artırılması dolları gücləndirə, beynəlxalq kapitalın bir hissəsini yenidən ABŞ bazarına yönəldə və inkişaf etməkdə olan ölkələrə investisiya axınlarını zəiflədə bilər.
Əslində, son bir neçə ildə müxtəlif çıxış və yazılarımda eyni məqama diqqət çəkirəm. İnvestorlar və biznes subyektləri qərarlarını dünya liderlərinin və ya mərkəzi bank rəhbərlərinin bəyanatlarına deyil, real iqtisadi göstəricilərə əsaslandırmalıdırlar. Çıxışlar bazarlarda ani psixoloji effekt yarada bilər, lakin makroiqtisadi göstəricilər iqtisadiyyatın laborator analizinin nəticələri kimidir. Məhz həmin rəqəmlər gec-tez bazarların həqiqi istiqamətini müəyyənləşdirir. Bu göstəriciləri düzgün oxuyanlar bazarda üstünlük qazanır, düzgün qiymətləndirə bilməyənlər isə itkilərlə üzləşirlər".